Ötən ilin oktyabr ayının 4-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "Bank Standard" QSC müflis elan edilib və onun barəsində ləğv prosesinə başlanılıb.
Əmanətlərin Sığortalanması Fondundan FED.az-a verilən məlumata görə, eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilib.
25.11.2016-cı il tarixdə Fond ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. 30.11.2016-cı il tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılmasını məqsədəuyğun hesab edib.
05.12.2016-cı il tarixdə Fond ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 29.12.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılması, Kreditorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar qəbul edilib.
Məhkəmə qərardadına uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu Kreditorlar Komitəsinin yaradılması, onun tərkibinin müəyyənləşdirilməsi və ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.