"Fitch" beynəlxalq reytinq agentliyi 2017-ci ilə üzrə MDB və Gürcüstanın bank sektorlarına dair proqnozlarını açıqlayıb.
Hazırda reytinq agentliyinin Rusiya, Ermənistan və Ukraynanın bank sektorları üzrə proqnozu stabildir. Bununla yanaşı, "Fitch"in Qazaxıstan, Azərbaycan və Belarusun bank sektorları üzrə proqnozu neqativdir. "Bu ölkələrin milli valyutaları kəskin devalvasiya ilə üzləşib. Adıçəkilən ölkələrdə xarici valyuta ilə kreditləşmə olduqca yüksək səviyyədədir. Tənzimləyicilər bankların aktivlərini yenidən qiymətləndirməli və bankların kapitallaşmasına nail olmalıdır".
Gürcüstan və Özbəkistanın bank sektorları üzrə reytinq stabildir.
Rusiyanın bank sektoru üzrə proqnoz rublun məzənnəsinin və ölkə iqtisadiyyatının stabilləşməsinə əsaslanıb.
Agentliyin mütəxəssisləri qeyd edir ki, Azərbaycan banklarının kapitalına və likvidliyinə təzyiq mövcuddur. Buna səbəb aktivlərin keyfiyyətinin pisləşməsidir.
"Ciddi kapital defisiti və zərərləri nəzərə alaraq Azərbaycan banklarının maliyyə çətinliyi ilə üzləşəcəyini proqnozlaşdırırıq. Yaranmış vəziyyətdə sektorda "təmizləmə"nin davam edəcəyini düşünürük", - deyə məlumatda qeyd edilib.
Apa©