İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Avropa İttifaqının TAİEX proqramı çərçivəsində fiskal sektorda hüquqi, institusional və iqtisadi mövzuda tədqiqat layihəsinə başlayır. Mərkəzdən verilən məlumata görə, İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqının bu məqsədlə ölkəmizə gələn ekspert qrupunu qəbul edib.
Müzakirələr zamanı bildirilib ki, missiya zamanı fiskal siyasətin müstəqil qiymətləndirilməsi aparılacaq. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertləri ilə yanaşı fiskal siyasətin adekvatlığı baxımından büdcə prosesi də təhlil ediləcək və təkmilləşdirmə imkanları müəyyən ediləcək. Bundan əlavə, birinci missiya ərzində ekspert qrupu tərəfindən Avropanın qabaqcıl təcrübəsi barədə təqdimat keçiriləcək və birinci missiyanın yekunu olaraq, əsas nəticələr və təkliflər haqqında hesabat veriləcək.
Mərhələli müzakirələr aparacaq missiyaya sədr Kristofer Vales və ekspertlər Janis Platais və Tamar Medulaşvili daxildir. Onlar dövlət və akademik dairələrin nümayəndələri ilə görüşlər keçirəcəklər.
Qeyd edək ki, müzakirələr zamanı Azərbaycanda fiskal dayanıqlılıq yüksək qiymətləndirilib.