BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) ərzaq qiymətlərinin indeksi noyabrda bir qədər azalıb və 2016-cı ildəki sabit artım meyilindən uzaqlaşması qeydə alınıb.
FAO-dan daxil olan məlumata görə, şəkər qiymətlərindəki kəskin ucuzlaşma palma yağlarındakı qiymət artımını üstələyib, noyabrda orta hesabla 171,3 xal olmaqla, indeks okyabrdan bəri 0,4% azalıb. Beş əsas əmtəə qrupu üzrə beynəlxalq bazar qiymətlərini izləyən ticarət ağırlıqlı indeksi olan FAO-nun ərzaq qiymətlərinin indeksi hələ də 2015-ci ilin noyabr ayı ilə müqayisədə 10,4% yüksəkdir.
Dünyanın ən çox şəkər istehsal edən ölkəsi olan Braziliyada gözləniləndən artıq məhsul istehsalı ilə bağlı hesabatlar və Braziliya realının ABŞ dollarına münasibətdə zəifləməsi fonunda FAO-nun şəkər qiymətlərinin indeksi oktyabrdan bu vaxtadək 8,9% azalıb.
FAO-nun tərəvəz yağı qiymətlərinin indeksi Cənub-Şərqi Asiyada palma yağının proqnozlaşdırılandan az istehsalı, eləcə də Cənubi Amerikada potensialdan aşağı soya paxlasının üyüdülməsi nəticəsində bu ay 4,5% artıb.
Digər əmtəələr daha sabit olub. Belə ki, FAO-nun ət qiymətlərinin indeksi oktyabrdan bəri dəyişməz qalıb. FAO-nun süd məhsulları qiymətlərinin indeksi uzunmüddətli kəskin eniş sonrası son dövrdəki yüksəliş meylini davam etdirərək 1,9% artıb. FAO-nun dənli bitkilərin qiymət indeksi Argentina və Avstraliyada qlobal təchizatın və bol məhsul perspektivinin yüksək olması səbəbindən 0,6% azalıb.
Report©