Nazirlər Kabinetinin qərarlarına görə, ezamiyyət xərclərinin 20%-i şəxsin gündəlik qidalanması və nəqliyyat xidmətlərinə aid edilir və buna görə də heç bir hesabat tələb edilmir. Bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.
N.İmanovun sözlərinə görə, ezamiyyətdən öncə avans məbləği müəyyəb edilməlidir: "Müvafiq qaydalara görə, ezamiyyət xərclərinin 80%-i üzrə hesabat tələb olunur. Bura otel və s. xərclər daxildir".
Nazirlik rəsmisi deyib ki, nağd ödənişlərin məhdudlaşdırılması iri şirkətlərə heç bir problem yaratmır: "Əksinə, onlar maraqlıdır ki, ödəmələri nağdsız aparsınlar"
N.İmanov əlavə edib ki, Vergi Məcəlləsində edilən dəyişiliklə əlaqədar regionlarda ümumilikdə 3 500 sahibkarla görüş keçirilib. Nazirlik rəsmisinin sözlərinə görə, bu tipli görüşlər paytaxtda da həyata keçirilib. Aprel ayından etibarən elektron qaimə-fakturalarının tətbiqi vergi ödəyicilərinin inzibati xərclərinin aradan qaldırmasına şərait yaradıb: "ƏDV ödəyiciləri aprelin 1-dən, digər növ vergi ödəyiciləri isə 2018-ci il yanvarın 1-dən elektron qaimə-faktura təqdim etməlidir".