Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi məqsədilə bu gün növbəti hərrac keçirib.
Komitədən FED.az-a verilən məlumata görə, keçirilən hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrində 3-ü müvafiq olaraq paytaxtın Xətai, Xəzər və Qaradağ rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Xətai rayonunda yerləşən “Araz kafe”si olub. Belə ki, adıçəkilən əmlak 120 min manata özəlləşdirilib. Regionlarda özəlləşdirilən əmlaklar Şəki şəhəri və Daşkəsən rayonunda yerləşən kiçik dövlət müəssisə və obyektləridir. Hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.
Hərracın sonunda hərrac iştirakçıları və müşahidəçiləri arasında vətəndaş məmnunluğu sorğusu keçirilib. Sorğu zamanı iştirakçıların hərraclardan razılığı, hərrac proseduru, hərracın gedişatı, hərrac barədə ictimai məlumatlandırma ilə bağlı fikir və rəyləri öyrənilib. Sorğu nəticəsinə əsasən vətəndaşlar bildiriblər ki, hərracda iştirak üçün müraciət proseduru sadədir. Hərrac barədə məlumatı həm komitənin özəlləşdirmə portalı və saytından, həm də KİV-dən tez və rahat əldə edə bilirlər. Hərrac prosesi şəffaf keçir, həmçinin əmlaka sifariş verməsələr də belə, yalnız müşahidə məqsədilə gəlib rahat iştirak edirlər.
Qeyd edək ki, keçirilən hərracların görüntüləri ilə komitənin rəsmi youtube kanalında (https://goo.gl/OpYdB1) daha yaxından tanış olmaq olar.
Növbəti belə bir hərrac 14 fevral tarixində keçiriləcək. Bu tarixdə hərraca çıxarılacaq əmlaklar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1231
Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir.
İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Bunun üçün özəlləşdirmə portalına ( privatization.az) daxil olaraq hərracları izləmək və hərraclarda iştirak edəcək əmlaklara sifariş vermək kifayətdir. Portalda hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10% həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.
Xatırladaq ki, hərracda əldə edilmiş əmlaka çıxarış almaq prosesi olduqca sadə və rahatdır. Belə ki, hərracdan dərhal sonra qısa müddət ərzində mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarış verilir. Bu proses vətəndaşın müvafiq qurumlara müraciət edərək əlavə vaxt itkisinin qarşısını alır. Ümumiyyətlə özəlləşdirmə prosesinin yeni mərhələsi sahibkarlığın inkişafına təkan verir. Eləcə də, müxtəlif iqtisadi sahələrin pambıqçılıq, nəqliyyat, tikinti, xidmət və.s sahələrin canlanmasına dəstək olur.
Hərraclarla bağlı yaranacaq hər hansı bir suala cavab tapmaq üçün (012) 566-07-44 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşları və investorları özəlləşmə prosesində aktiv iştiraka dəvət edir.