Əmlak Məsələləri Dövlət Komitəsi gələn il üçün ilk hərracı elan edib.
Yanvarın 10-da keçiriləcək yeni hərraca 20 səhmdar cəmiyyəti, 44 kiçik dövlət müəssisə və obyekti, 15 istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla ümumilikdə 79 əmlak çıxarılıb. Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Xaçmaz, Gəncə, Mingəçevir, Göyçay, Cəlilabad, Masallı və digər bölgələrdə yerləşir. Özəlləşdirilməyə çıxarılan bir çox əmlakların torpaq sahəsi və üzərindəki tikili ayrı-ayrılıqda qiymətləndirilib. Hərracda ən yüksək qiymətə, yəni 717 min 600 manata təklif olunan əmlak paytaxtın Binəqədi rayonunda yerləşən “Araz” Avtomotoservis müəssisəsidir. Yüksək start qiyməti təyin olunan digər əmlak isə Nəsimi rayonunda yerləşən və 474,8 kv.m. torpaq sahəsi olan qeyri-yaşayış binasıdır. Bu əmlak 624 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Qaradağ rayonunda yerləşən və torpaq sahəsi 14451,8 kv.m. olan Metal və ərzaq anbarı isə 300 min manata, Sumqayıt şəhərindəki “Laçın” restoranı isə 410 min manata təklif olunur. Regionlarda isə yüksək start qiyməti ilə cəlb edən əmlak Qusarda yerləşən Kərpic sexidir. 170160 kv.m. torpaq sahəsi olan bu müəssisə 420 min manata təklif olunur.
Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Ağsu Sənaye İnşaat”, “Azinterservis”, “Daşkəsən Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətlər var.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.a