Hazırda Azərbaycanın bank sektorunda vəziyyət sabitdir. Bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
Eləcə də bax: "Azərbaycanın sığorta və kapital bazarları zəif inkişaf edib"
"Bu gün bank sektorunun və onun ayrı-ayrı institutlarının sabitliyi bizi tamamilə qane edir. Ancaq qeyd etmək istəyirəm ki, bank sektorunda yoxlamalar fasiləsiz xarakter daşıyır. Bu gün bank sektorunun kapitallaşma və likvidlik səviyyəsi prudensial normaları əhəmiyyətli dərəcədə üstələyir. Lakin biz vəziyyəti nəzarət altında saxlamağa davam edəcəyik", - deyə o, mətbuat konfransında bildirib.
AMB sədri əlavə edib ki, 2020-ci ilin əvvəlində bir sıra banklarda vəziyyət suallar yaradıb, lakin onlarla iş nəticəsində yaxşı nəticələr əldə edilib.
"Bir sıra banklarda kapitallaşma aparılıb və yaxşı nəticələr əldə edilib. Biz göstəricilərin ciddi artımına nail olmuşuq, ancaq obyektiv amillər, xüsusilə koronavirus pandemiyası sonradan göstəricilərin müəyyən qədər azalmasına səbəb olub. Yəni bu banklarla iş aparılır, irəliləyiş var, lakin problemlər də qalır", - deyə Rüstəmov qeyd edib.
Hazırda Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir.
Xəbər verildiyi kimi, 2020-ci ildə Azərbaycan banklarının ümumi aktivləri 2%, kredit portfeli 5%, öhdəlikləri 2,8% azalıb, kapitallaşması 2,5% artıb. (İnterfaks)