Vergi qanunvericiliyinə edilən dəyişiklərə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Bəs bu ödəniş necə tutulur?
Müştəri öz ödəniş kartı ilə xaricdən internet vasitəsilə iş və xidmət aldığı zaman bu vəsaitin cəlb edilməsi iki yolla baş verir. Bunun səbəbi müştərinin kart hesabı ilə əlaqədardır.
Əgər hesab dollardadırsa, bu proses komissiyasız baş verir. Manatla olduqda isə konvertasiya üçün komissiya haqqı tutulur. Həmçinin manatla ödəniş edən zaman valyuta kursunun dəyişməsi müştəri üçün borc yaranmasına gətirib çıxara bilər.
Bunun səbəbini isə ödənişlərin vergiyə cəlb edilmə prosesinə baxdıqda görmək mümkündür.
İlk növbədə müştərinin ödənişi dollar vasitəsilə etdiyi hala baxaq:
- İş və xidmətin (məsələn, 100 dollarlıq iş və xidmətin) ifadə olunduğu valyuta ilə müştərinin kartının valyutası eynidirsə, Beynəlxalq Ödəniş Sistemləri (BÖS) (Visa, Mastercard) müştərinin kartından 100 dollar tutur amma bank hələ bu əməliyyatı görmür. Əməliyyatı prosessinq mərkəzi (Azericard, Millikart və sair) görür. Bankla prosessinq mərkəzi arasında razılaşmaya əsasən Mərkəz konkret MCC kodlar (hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən kodlar üzərindən gedir. Bu kodlar MCC kodlar adlanır. Kodlarda ödənişin nəyə aid olduğu bilinir, məsələn təhsil xidməti, səhiyyə xidməti, hər hansı mal, iş və xidmət) üzrə əməliyyatlara vergi hesablanmasını da sazlayır. Yəni müştəri 100 dollarlıq xidməti alan zaman prossesinq mərkəzinin sazlamasına uyğun kartdan 100 dollar, “+18 %” tutulur. Bu məbləğ yoxdursa, əməliyyat həyata keçirilmir. Bank isə bu əməliyyatı 2-3 gün sonra görür, yəni BÖS tərəfindən ödənişin məlumatları (filebank) banka daxil olanda. Banka məlumat daxil olduqda bank 100 dolları öz hesabına 18 dolları isə vergi hesabına, cari günün kursu ilə, manatla köçürür. Nəticədə dollar hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:
Ümumi ödəniş = 100 dollar + 18% vergi = 118 dollar
Əgər ödəniş manat vasitəsilə həyata keçirilibsə, aşağıdakı hal baş verir:
- Müştəri iş və xidmət alan zaman avtorizasiya edərək, ödənişi təsdiq etdikdə, həmin günün kursu ilə 100 dollar + 18% + 4%=122 dollar (Bu təqribi rəqəmdir, 4% bankın komissiyasıdır və bankdan banka fərqlənə bilər) ekvivalentində vəsait konvertasiya olunur və kartda bloklanır. Sonradan isə dollar hesablı ödəniş üçün qeyd etdiyimiz oxşar əməliyyat burada davam edir. Əgər məlumat banka daxil olan gün kurs dəyişərsə (dolların kursu qalxarsa) və kartda bu fərqi ödəyən vəsait olmazsa, o zaman yaranan fərq müştərinin banka borcu kimi qeydə alınır. Nəticədə manat hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:
Ümumi ödəniş= 100 dollar x əməliyyat günün məzənnəsi + 18% vergi + bank komissiyası ± valyuta kursundakı dəyişiklik
Vergilər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında razılaşmaya əsasən, bu linkdəki siyahıda vergi tutulacaq iş və xidmətlər (MCC kodlara uyğun), eləcə də, tətbiq ediləcək vergi dərəcəsi göstərilmişdir.
Xüsusi qeyd: Elektron ticarətdə vergi yalnız iş və xidmətə aiddir, mal alan zaman vergi tətbiq olunmur.
bbn.az©