Dünyada ən iri həcmli istiqraz yerləşdirilməsi 2013-cü ildə 49 mlrd. ABŞ dolları ilə "Verizon" şirkəti tərəfindən həyata keçirilib. "Verizon" dünyanın ən böyük texnologiya-telekommunikasiya şirkəti olub, ABŞ-da yerləşir. Bu istiqrazlar 5,15% illik gəlirliliklə emissiya edilib. Həmin il məşhur "Apple" şirkəti isə 17 mlrd. dollar həcmində illik 2,4% gəlirliliklə korporativ istiqrazlar yerləşdirib. İsrailin "Actavis" şirkəti 2015-ci ildə 3% illik gəlirliliyə sahib 21 mlrd. dollar həcmində istiqraz yerləşdirib.
İstiqraz emissiyasının həcminə görə 3-cü yerdə ABŞ-ın telefon və teleqraf şirkəti "AT&T" qərarlaşıb. Şirkət 2015-ci ildə 4,5% gəlirliliklə 17,5 mlrd. dollarlıq korporativ istiqraz yerləşdirib.
Qeyd edək ki, dünya maliyyə bazarlarının inkişaf etməsi, ölkələrin və şirkətlərin iqtisadi vəziyyətinin yaxşılaşması nəticəsində son 20 ildə korporativ istiqrazların faiz hədlərində azalma müşahidə edilib. 1997-ci ildə dünyada hər istiqrazdan orta hesabla 6,97% mənfəət götürmək mümkün idisə, 2016-cı ildə bu göstərici 3,27% təşkil edib.