Ölkədə dövlət əmlakından istifadənin səmərəliliyinin artırılmasına, onun idarə olunmasının təkmilləşdirilməsinə və özəlləşdirilməsinə yönəlmiş yeni qanun layihəsi hazırlanır.
Bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində deyilir.
Yeni qanun layihəsinin məqsədi dövlətin idarəetmə funksiyalarının tədricən dövlətin tənzimləmə funksiyaları ilə əvəz edilməsi vasitəsilə dövlət xərclərinin azaldılması, şəffaf və müstəqil idarəetməyə təkan verilməsi, həmçinin yeni özəlləşdirmə metodlarının tətbiq edilməsi yolu ilə bazar iqtisadiyyatının daha da gücləndirilməsindən ibarət olacaq.
Bundan başqa, layihənin hədəfləri sırasında nüfuzlu investorların, o cümlədən beynəlxalq maliyyə institutlarını, investisiya banklarını və fondlarını cəlb etməklə Azərbaycan iqtisadiyyatına sərmayə axınının daha da artırılması xüsusi əhəmiyyət kəsb edir. II Dövlət Proqramında özəlləşdirməyə açıq elan edilmiş müəssisələrin özəlləşdirilməsinin sona çatdırılması, həmçinin əvvəllər özəlləşdirilmiş müəssisələrin inkişafı üçün dəstək tədbirlərinin müəyyən edilməsi də yeni qanun layihəsində öz əksini tapacaqdır. Yeni qanun layihəsi əvvəlki Dövlət Proqramının icrasından sonra yaranmış digər tələblərin də ödənilməsi istiqamətində əlverişli imkanlar yaradacaq.