Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Komitədən verilən məlumata görə, hərracda özəlləşdirilən əmlakların 3-ü kiçik dövlət müəssisə və obyekti, 7-si qeyri-yaşayış sahəsi, 1-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən 5 istifadəsiz qeyri yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi paytaxtda yerləşir.
Həmin gün regionlarda da hərraclar baş tutub. Hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilmiş hərraclarda 3 kiçik dövlət müəssisə və obyekti, 2 qeyri-yaşayış sahəsi özəlləşdirildi. Kiçik müəssisə və obyektlər Bərdə, Goranboy və Qazaxda, qeyri-yaşayış sahəsi isə Sumqayıt və Mingəçevirdə yerləşir.
Hərracda bəzi müəssisələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Torpaq sahələri ilə birlikdə özəlləşdirilən əmlaklar Bərdə rayonunda yerləşən Texniklər evi və eyni adlı müəssisənin Goranboyda olan qeyri-yaşayış binasıdır. Müvafiq olaraq özəlləşdirilən əmlakların sahəsi 1900 kv.m və 503 kv.m təşkil edir.
Paytaxtda özəlləşdirilən qeyri-yaşayış sahəsi Nizami, Nəsimi, Xətai olmaqla müxtəlif rayonlarda yerləşir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün linkdən istifadə etmək kifayətdir.
Xatırladaq ki, qurum tərəfindən növbəti belə hərrac aprelin 18-də keçiriləcək. Bu hərraca ümumilikdə 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi çıxarılıb.