Qlobal maliyyə bazarı ABŞ dollarının kəskin möhkəmlənməsi tendensiyası ilə üzləşə bilər. "Rambler" portalında verilən məlumata görə, bu proqnozla ABŞ-ın "Citigroup" maliyyə holdinqinin baş valyuta analitiki Stiven Enqlander (Stiven Englander) çıxış edib.
Onun sözlərinə görə, əgər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 1980-ci ildən bəri ən geniş iqtisadi stimullaşdırma proqramının həyata keçirilməsinə nail olarsa, dollar qlobal valyuta bazarında güclənəcək. Qeyd edək ki, Trampın seçkiöncəsi kampaniyasında səsləndirdiyi prezident proqramında yalnız nəqliyyat infrastrukturunun inkişafına 550 mlrd. dollar investisiya qoyulacağı bildirilib.
"Bloomberg" agentliyi isə qeyd edir ki, S.Enqlanderin fikrincə, Tramp və Konqres ABŞ iqtisadiyyatının stimullaşdırılması proqramını həyata keçirə bilsə, dolların məzənnəsinin avro və yenə qarşı 10%-dən çox möhkəmlənə bilər. Nəticədə, avro dollarla müqayisədə 90 sentə düşə, Yaponiyada isə dollar 130 yenə yüksələ bilər: "Trampın proqramı Ronald Reyqan dönəmindən sonra ABŞ üçün ən böyük fiskal "şok" ola bilər".
Xatırladaq ki, D.Tramp yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra rəsmən prezidentliyə başlayacaq.
Report©