Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dekabrın 13-də keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca, ümumilikdə 101 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 43 kiçik dövlət müəssisə və obyekti, 19 istifadəsiz qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsi çıxarılıb.
ƏMDK-dan verilən məlumata görə, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə Portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür.
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Qırx üç kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Sumqayıt və Şirvan şəhərləri, habelə Şəki, Sabirabad, Şəmkir, Zaqatala və digər rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında “Gəncə Pambıq-Əyirici” MMC, “Şəmkir Balıq Zavodu”, “Şəki Barama Toxumu Zavodu” kimi iri müəssisələr var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Gəncədə yerləşən “Gəncə Pambıq-Əyirici” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Beş milyon 243 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 10514,8 kvadratmetr, torpaq sahəsi isə 34083 kvadratmetrdir. Paytaxtın Sabunçu rayonunda yerləşən və 60011 kvadratmetr torpaq sahəsi olan Yardımçı təsərrüfat isə 1 milyon 85 min manata təklif olunur. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək əmlaklar sırasında 552 min manata Bakının Nərimanov rayonundakı 7 saylı mağaza, 306 min manata Sumqayıtda yerləşən “Dalğa” kiçik müəssisəsi, 485 min manata Şəkidə yerləşən “Barama Toxumu Zavodu” da var.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 14-ü paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonunda yerləşir. Belə ki, bu əmlak 800 min manat start qiyməti ilə hərraca çıxarılıb.
Budəfəki hərracda 23 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “”Bərdə Kərpic”, “Gəncə Sənaye Tikinti”, “Kürdəmir Kəndkimya Təchizat”, “Salyan İnşaat Xidmət”, “Salyan Reproduktor Quşçuluq”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.
İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.
ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.