GUAM-a üzv olan ölkələrin (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) hökumət rəhbərləri Azad ticarət üzrə tərəflərin hərəkətlərini koordinasiya edən işçi qrupunun yaradılması ilə bağlı protokol imzalayıblar. Həmçinin, GUAM ölkələrinin dövlət sərhədindən keçiriləcək müəyyən növ məhsul və nəqliyyat vasitələrinə gömrük prosedurlarının tanınması haqqında protokol imzalayıblar. "Unian" agentliyinin yaydığı xəbərə görə, müvafiq protokollar Kiyevdə keçirilən GUAM sammitində imzalanıb.
Ukraynanın baş naziri Vladimir Qroysmanın sözlərinə görə, təşkilata üzv olan ölkələr arasında azad iqtisadi zonanın yaradılması istiqamətində aparılan işlər gömrük prosedurlarının sadələşdirilməsini tələb edir: "Biz bu gün gömrük orqanları arasında əməkdaşlığımızı dərinləşdirəcək sənədi imzaladıq. Təbii ki, biz azad ticarət zonasından danışarkən gömrük orqanlarının keyfiyyətli işinin qurulmasını qeyd etməliyik".
V.Qroysman əlavə edib ki, GUAM ölkələri arasında azad ticarət zonası 2017-ci ildə fəaliyyətə başlaya bilər.