Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda 5 kiçik dövlət müəssisə və obyekti, 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu dəfəki hərracda özəlləşdirilmiş 2 kiçik müəssisə və 2 istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtda, yerdə qalan 3 kiçik müəssisə və obyekt isə Şirvan, Sabirabad və Saatlıda yerləşir. Hərracda ən yüksək qiymətə satılan daşınmaz əmlak paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, bu əmlak 180 min manata özəlləşdirilib. 74 min 800 manata özəlləşdirilən “Vüqar” şadlıq evi isə hərracda yüksək qiymətə satılmış növbəti əmlak olub. Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Nizami rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 55 min manata özəlləşdirilib.
Qeyd edək ki, tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Çünki hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir və investorların maraqlarına uyğundur. Nəhəng müəssisələrdən, səhmdar cəmiyyətlərindən tutmuş kiçik obyektlərə və nəqliyyat vasitələrinə kimi müxtəlif əmlaklar potensial alıcılara təqdim olunur. Vətəndaşların hərraclarda özəlləşdirdikləri belə əmlaklar iqtisadi baxımdan onlar üçün mənfəət mənbəyidir. Əmlaka yiyələnən istənilən vətəndaş sonradan onu biznes predmetinə çevirə, icarəyə verə və ya digər qanunla icazə verilən məqsədlər üçün istifadə edə bilər.
Ümumiyyətlə, yeni başladılan bu özəlləşdirmə prosesi ölkədə iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir və bununla da iqtisadi aktivliyə və yeni iş yerlərinin yaradılmasına səbəb olur.
Komitə tərəfindən növbəti hərrac 13 dekabrda keçiriləcək. Hərraca çıxarılan 101 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 19-u istifadəsiz qeyri-yaşayış sahəsi və 16-sı nəqliyyat vasitəsidir. 13 dekabrda keçiriləcək hərracdakı əmlaklarla aşağıdakı linkdə tanış ola bilərsiniz: