«2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» ölkə başçısının 4 avqust 2016-cı il tarixli sərəncamının 2.9-cu bəndinin icrası məqsədilə hazırlanmış «Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları» Vergilər Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilib.
Qaydaları Fed.az-a şərh edən Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili və vergi borcunun alınması işinin təşkili Baş İdarəsinin rəis müavini Rəsul Hüseynovun sözlərinə görə, borclu vergi ödəyicilərinin vahid məlumat bazası Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə formalaşdırılacaq. Həmin məlumat bazasında mövcud olan məlumatlar isə 2 növə - risklər və köməkçi məlumatlara ayrılacaq: «Köməkçi məlumatlar - risklər barədə məlumatlara aid olmayan, vergi ödəyicisi və onun fəaliyyəti barədə təsəvvürün formalaşmasında faydalı olan məlumatlardır. Risklər barədə məlumatlar isə borcun yönəldilməsi üçün mövcud olan real mənbələr barədə, yaxud vergi ödəyicisinin iqtisadi fəaliyyətini əks etdirən göstəricilərə əsasən vergi borcunu ödəmə potensialının olması ilə bağlı məlumatlardır. Risklər barədə məlumatlar əhəmiyyət dərəcəsindən asılı olaraq yuxarı, orta və aşağı risk qruplarına bölünəcək və borclu vergi ödəyiciləri həmin risk qrupları üzrə təsnifləşdiriləcək».
Qeyd edək ki, qaydalar vergi borcunun ödənilməsi məqsədilə vergi orqanları tərəfindən borclu vergi ödəyiciləri ilə müvafiq maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilməsini də əhatə edir. Bu, həm avtomatlaşdırılmış qaydada, həm də bilavasitə vergi orqanlarının əməkdaşları tərəfindən həyata keçiriləcək. Avtomatlaşdırılmış qaydada maarifləndirmə və məlumatlandırma tədbirləri zamanı vergi orqanı tərəfindən keçirilmiş vergi nəzarəti tədbirləri (səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti) nəticəsində dövlət büdcəsinə yaranmış vergi borcları barədə Vergi Məcəlləsinin 65.1-ci maddəsində nəzərdə tutulmuş bildirişlə yanaşı, bildirişin göndərildiyi tarixdə borclu vergi ödəyicilərinin mobil telefonuna avtomatik olaraq qısa SMS-lər göndəriləcək. Bundan başqa, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi AVİS-ə işlənildiyi zaman həmin vergi ödəyicilərinin mobil telefonuna avtomatik olaraq qısa SMS-lər və İnternet Vergi İdarəsində yaradılmış elektron qutusuna məktublar göndəriləcək. Eyni zamanda, hesabat dövrü bitdikdən sonra 10 gün müddətində yaranmış vergi borcları barədə borclu vergi ödəyicilərinin mobil telefonuna qısa SMS-lər göndəriləcək. Borclu vergi ödəyicisi İnternet Vergi İdarəsi vasitəsilə «Onlayn kargüzarlıq və E-VHF» və ya «E-bəyannamə bölmələrinə daxil olan zaman ekranda avtomatik olaraq yaranmış vergi borcları, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə mesaj çıxacaq».
Vergi orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən maarifləndirmə və məlumatlandırma işlərinə gəldikdə isə, Rəsul Hüseynovun sözlərinə görə, borclu vergi ödəyiciləri tərəfindən vergi orqanlarına yazılı müraciətlər edilən zaman onlara kağız və ya elektron daşıyıcılarla göndərilən cavab məktubuna yaranmış vergi borcları, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə yazılı arayış əlavə ediləcək: «Bundan əlavə, borclu vergi ödəyiciləri tərəfindən hər hansı xidmətdən istifadə etmək məqsədilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlər edilən zaman onlara yaranmış vergi borcları, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə şifahi məlumat veriləcək. Borclu vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin Çağrı Mərkəzinə zənglər edilərkən onlara da eyni qaydada - yaranmış vergi borcları, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə şifahi məlumat veriləcək. Maarifləndirmə və məlumatlandırma işlərinin aparılması məqsədilə vergi ödəyiciləri ilə fərdi və ya ümumi şəkildə görüşlər keçirilən zaman, yaxud səyyar xidmətlər göstərilərkən vergi ödəyicilərinin öhdəlikləri onlara xatırladılacaq.
Hər ayın 10-dək Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin müvafiq bölməsində və sosial şəbəkələrdə hər bir risk qrupunu formalaşdıran riskli məlumatların dairəsi, borclu vergi ödəyicilərinin risk qrupları üzrə təsnifləşdirilmiş siyahısı, istintaqının aparılması Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barələrində cinayət işi başlanmış və ya istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilmiş vergi ödəyicilərinin siyahısı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış fiziki şəxslərin və ya hüquqi şəxsin icra orqanının rəhbərlərinin siyahısı yerləşdiriləcək.
Vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri keçirilən zaman vergi ödəyicilərinə yaranmış vergi borcları, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə yazılı arayış təqdim olunacaq.
Borclu vergi ödəyiciləri üzrə risk qrupları müəyyən ediləcək
15:03
13 Okt 2016