Nazirlər Kabineti “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nı təsdiqləyib.
Qaydaya əsasən, Azərbaycanda elektron qaimə-fakturanın təsdiq edilmiş forma va rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Vergilər Nazirliyinə tapşırılıb ki, elektron qaimə-fakturanın tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görsün. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim ediləcək.