Azərbaycanda bəzi baş mühasiblərin sertifikatlarının əldə edilməsi müddəti 1 il uzadılıb.
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
2021-ci il 10 dekabr tarixli 388 nömrəli Qərara əsasən, mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasiblərinin sertifikatının əldə edilməsi müddəti 2021-ci il 30 dekabrdan 2022-ci il 30 dekabradək, yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasiblərinin sertifikatının əldə edilməsi müddətləri isə 2022-ci il 30 dekabrdan 2023-cü il 30 dekabra qədər uzadılıb.
Qeyd edək ki, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri üçün bu müddət 2021-ci il 30 dekabradək, iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri və qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasiblərinin sertifikatının əldə edilməsi müddəti isə 2022-ci il 30 dekabradəkdir.