"Bu ilin sonunadək "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) özəlləşdirilməsini gözləməyə dəyməz".
FED.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Mariya Malyukova bildirib.
Onun sözlərinə görə, dövlət bankının balansından qeyri-işlək kreditlərin çıxarılması və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir: "Bu proses bu ilin sonunadək davam etdiriləcək, lakin bu ilin sonunadək bankın özəlləşdirilməsini gözləməyə dəyməz".
Vitse-prezident xatırladıb ki, 2015-2016-cı illər ərzində ABB-dən dövlətə məxsus "Aqrarkredit" bank olmayan kredit təşkilatına 10 mlrd. manat həcmində problemli aktiv ötürülüb: "Bu il daha 3 mlrd. dollarlıq problemli aktivin ötürülməsi planlaşdırılır".
Beləliklə, bugünkü rəsmi məzənnəyə əsasən, bu il dövlət bankından təxminən 5,173 mlrd. manatlıq problemli aktivin çıxarılması nəzərdə tutulub. Yuxarıda da qeyd edildiyi kimi, indiyədək ABB-nin balansından 10 mlrd. manat həcmində toksik aktivin çıxarıldığını nəzərə alsaq, ilin sonuna bu rəqəm 15,2 mlrd. manata çatacaq.