FED.az sizə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru Sarxan Məmmədovun “Vergilər” qəzetinə müsahibəsini təqdim edir.
- Sarxan müəllim, ötən ilin dekabr ayında yaradılmış departamentin əsas vəzifələri nədən ibarətdir?
- Departament vergi sistemində aparılan genişmiqyaslı struktur islahatları, vergi administrasiyasının təkmilləşdirilməsi və təşkilati strukturunun transformasiyası prosesi çərçivəsində yaradılıb. «Fərdi yanaşma» prinsipi üzərində formalaşdırılmış yeni idarəetmə mexanizminin mühüm tərkib hissələrindən biri də kiçik sahibkarlıq subyektləri ilə ayrıca iş qurmaq, kiçik sahibkarlıq qrupuna fərdi yanaşmanı, eləcə də fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.
Vergilər Nazirliyinin təsdiq etdiyi əsasnamənin müddəalarına görə, departamentin funksiyalarına kiçik sahibkarlıq subyektlərində uçotun dəqiqləşdirilməsi, xidmət çeşidlərinin artırılması, kiçik sahibkarlara münasibətdə əks-əlaqə prinsipinin tətbiq olunması, onların inzibati yükünün azaldılması ilə könüllü əməletmə səviyyəsinin artırılması, dövriyyələrin leqallaşdırılmasının təşviq edilməsi ilə real vergi potensialının müəyyən olunması kimi vəzifələr aid edilib. Bundan başqa, müəyyən olunmuş risk dərəcələri əsasında zəruri hallarda vergi nəzarəti tədbirlərinin keçirilməsi, əməkdaşların vergi sahəsində bilik və bacarıqlarının artırılması və s. də departamentin prioritetləridir.
- Vergi ödəyicilərinin uçotu və xidmətin çeşidlərinin artırılması istiqamətində hansı işlər görülür?
- Dövlət idarəetmə sistemində aparılan islahatlar, sahibkarlığın geniş dəstəklənməsi, biznes mühitinin cəlbediciliyinin artırılması işgüzar fəallığın yüksəlməsinə şərait yaradır. Bu, xüsusilə kiçik sahibkarlıqla məşğul olmaq istəyənlərin sayında da özünü göstərir. 2017-ci ilin ilk üç ayında departamentin qeydiyyatında olan vergi ödəyicilərinin sayı 6430 vahid artaraq 242.522-yə çatıb. 2017-ci ilin ilk rübü ərzində departament tərəfindən 3031 təsərrüfat subyekti, 1668 nəzarət-kassa aparatı, 522 POS-terminal qeydiyyata alınıb.
Departamentin qarşısında duran mühüm vəzifələrdən biri vergi ödəyicilərinin öz biznesini inkişaf etdirməsi, dövriyyələrini artırması, tədricən orta sahibkarlıq subyektinə çevrilməsi üçün onlara maksimum dəstək göstərilməsidir. Bu, sahibkarlığın inkişafı ilə yanaşı, vergi daxilolmalarının potensial artımı üçün də baza təşkil edir.
2017-ci ilin 1-ci rübündə 2715 vergi ödəyicisinin uçot yeri Vergilər Nazirliyi yanında Lokal gəlirlər departamentinə dəyişdirilib ki, bunların da 334-ü ƏDV ödəyicisi, 97-si 6% və 8% dərəcə ilə sadələşdirilmiş vergi dərəcəsi üzrə qeydiyyata alınmış vergi ödəyiciləri olub. Bu bir daha göstərir ki, vergi ödəyicilərinin iqtisadi və maliyyə vəziyyəti yaxşılaşmağa doğru dəyişməkdədir.
Vergi ödəyicilərinin uçotunun dürüstləşdirilməsi sahəsində də işlər davam etdirilir. 2017-ci ilin mart ayı ərzində departamentin təşəbbüsü əsasında əks-əlaqə prinsipi tətbiq edilməklə 1071 vergi ödəyicisinin və onlara məxsus təsərrüfat subyektlərinin vergi uçotuna alınmasına kömək göstərilib.
- Vergi ödəyiciləri arasında könüllü əməletmə səviyyəsinin yüksəldilməsi, dövriyyələrin leqallaşdırılması yolu ilə real vergi potensialının artırılması sahəsində işlər necə gedir?
- Könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılmasına xüsusi diqqət verilir. İlk növbədə, vergi ödəyicilərinin məlumatlılıq səviyyəsinin yüksəldilməsi, vergi qanunvericiliyinə edilən dəyişikliklər və müxtəlif risk istiqamətlərini əhatə edən məlumatların ötürülməsi sahəsində işlər görülür. 2017-ci ilin birinci rübündə vergi ödəyicilərinə 370.149 bildiriş göndərilib, eləcə də 9045 vergi ödəyicisinə ünvanlı xidmətlər göstərilib.
Fəaliyyət sahələri nəzərə alınmaqla vergi qanunvericiliyinə edilən dəyişikliklər, o cümlədən «Nağdsız hesablaşmalar haqqında» və «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» qanunlar barədə vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə müəyyən edilmiş zonalar üzrə 2000-dən çox vergi ödəyicisinin iştirakı ilə 26 görüş keçirilib.
Fərdi yanaşma prinsipi ilə vergi ödəyicilərinə daha səmərəli xidmətlərin göstərilməsi və könüllü əməletmə səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər artıq öz nəticəsini verib. Bu ilin ilk üç ayında vəsaitlərin 90,9 faizi könüllü əməletmə və vergi ödəyicilərinə göstərilən xidmətlər sayəsində dövlət büdcəsinə daxil olub.
Könüllü əməletmə səviyyəsinin artmasına təsir göstərən amillərdən biri də 2017-ci ildən fərdi əməklə məşğul olan şəxslərin sabit vergiyə cəlb olunmasıdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bir sıra fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər aylıq sabit məbləğdə sadələşdirilmiş vergi ödəyirlər. Onlar kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərdir. Vergi yükünün əhəmiyyətli şəkildə azalmasını və bəyannamələrin təqdim edilməsi zərurətinin aradan qaldırılmasını nəzərdə tutan bu yenilik fərdi əməklə məşğul olan şəxslərdə maraq doğurur. 2017-ci ilin birinci rübündə 142 vergi ödəyicisinə sabit verginin ödənişini təsdiq edən qəbzlər verilib.
Real vergi potensialının müəyyən edilməsi və vergi daxilolmalarının təmin edilməsi sahəsində görülmüş işlər nəticəsində kiçik sahibkarlıq subyektləri tərəfindən yanvar-mart ayları ərzində dövlət büdcəsinə 21 milyon 481,3 min manat vəsait səfərbər olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisdə 23% çoxdur.
- Vergi ödəyicilərində risk dərəcələrinin müəyyən edilməsi də maraq doğuran məsələlərdəndir....
- Vergi ödəyicilərinin təqdim etdikləri bəyannamələrdən və informasiya bazasından istifadə etməklə risk meyarlarının qruplaşdırılması aparılır, keçiriləcək vergi nəzarəti tədbirlərinin əhatə dairəsi müəyyən edilir. Ümumiyyətlə, kiçik sahibkarlıq subyektlərinə münasibətdə nəzarət tədbirləri analitik məlumatlar, informasiya texnologiyaları və baza məlumatları əsasında aparılır. Məsələn, 2017-ci ilin 1-ci rübündə risklərin qiymətləndirilməsi nəticəsində 25.706 vergi ödəyicisində vergi potensialı olan 61.839 risk müəyyən edilib. Vergi nəzarəti tədbirlərinin minimallaşdırılması üçün xidmət fəaliyyəti üzrə əks-əlaqə prinsipi tətbiq edilməklə məlumatlandırma işləri həyata keçirilib, vergi ödəyiciləri tərəfindən kənarlaşmaların aradan qaldırılması sahəsində əhəmiyyətli işlər görülüb.
Risklərin aradan qaldırılmasını təmin etməyən 2731 vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 3 milyon 955,7 min manat hesablama aparılıb, 26 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr keçirilib, 66 vergi ödəyicisində pul vəsaitlərinin və malların uçota alınmaması ilə əlaqədar, 274 vergi ödəyicisində isə səyyar vergi yoxlaması ilə bağlı vergi nəzarəti tədbirləri keçirilib.
Könüllü əməletmə səviyyəsinin yüksəldilməsi üçün vergi ödəyiciləri ilə keçirilən tədbirlər nəticəsində cari ilin birinci rübündə dövlət büdcəsinə daxil olmuş 21 miıyon 481,3 min manat vəsaitin cəmi 9,1%-i nəzarət tədbirləri üzrə təmin edilib.
Baş direktor: Nəzarət tədbirləri analitik məlumatlar, informasiya texnologiyaları və baza məlumatları əsasında aparılır
15:32
18 Aprel 2017