Bir sıra kütləvi informasiya vasitələrində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank müştərilərinin hesablarından nağd pulun götürülməsinə dair yeni məhduduyyətlərin qoyulması barədə xəbərlər dərc olunub.
FED.az xəbər verir ki, Palatanın Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasovun bununla bağlı açıqlama verib.
"MBNP-na bununla bağlı çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq, məsələnin ictimaiyyət üçün aydınlaşdırılması məqsədilə bildirmək istəyirəm ki, MBNP tərəfindən hər hansı bir qadağa və ya məhdudiyyət tətbiq edilməyib" - deyə bildirən müşavir 1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyini, həmin Qanunla vergi ödəyiciləri arasında nağdsız hesablaşmalara dair bir sıra məhdudiyyətlər, habelə bu hesablaşmaların aparılmasında dair xüsusi rejim müəyyən edildiyini qeyd edib.
"Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına banklardan nağd çıxarılan vəsaitlərin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununa uyğunluq baxımından araşdırılması və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi MBNP-na həvalə olunmuşdur.
Qanunun qüvvəyə minməsindən ötən iki ay ərzində MBNP tərəfindən yeni rejimin tətbiqi vəziyyəti ilə əlaqədar MBNP tərəfindən monitorinqlər aparılmışdır. Monitorinqin nəticəsi olaraq MBNP banklara əlavə tövsiyələr, xüsusilə açıq-aşkar iqtisadi məqsədi olmayan əməliyyatların monitorinq rejiminə əməl olunmasına dair tapşırıqlar verib" - deyən Rüfət Abbasov Maliyyə Bazarlarına Nəzarət Palatası həmçinin, biznes subyektlərini “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə dəvət edib.
"Banklardan nağd pul çıxarılmasına məhdudiyyət" xəbərlərinə RƏSMİ AÇIQLAMA
09:37
17 Mart 2017