Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə müraciət edib.
Fonddan Fed.az-a verilən məlumata görə, bankda 4 oktyabr 2016-cı il tarixdə sığorta hadisəsi baş verib. 11 oktyabr 2016-cı il tarixdən etibarən bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb. Qeyd olunan tarixdən etibarən əmanətçilər ləğv prosesində olan "Bank Standard" QSC-nin filiallarına müraciət etməklə qorunan əmanətləri üzrə kompensasiyaları ala bilərlər.
Ləğv prosesində olan bankın əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 13-dən etibarən 50 000 dollar və 80 000 manat məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilir.
Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə ictimaiyyət əlavə məlumatlandırılacaq.
Kompensasiyaların ödənişi bankın baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.