"Bank Standard" QSC-nin aktivlərinin ləğvedici tərəfindən qiymətləndirilməsi aparılıb. FED.az APA-ya istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, kreditlər ilkin olaraq təsnifləşdirilib və qiymətləndirilib: "Cari ilin martın sonuna bankda 24 min krediti olub. Bu kreditlərin həcmi 747 mln. manatdır. İşlək kreditlər 40,5 mln. manat, bunların 33,3 mln. manatı təminatlı, qeyri-işlək kreditlər 707 mln. manat, bunun 271,2 mln. manatı təminatlıdır. Ümumilikdə, təminatsız kreditlər 442,9 mln. manatdır", - deyə A.Cavadov bildirib.
Qeyd edək ki, bankın qiymətləndirilməsi KPMG beynəlxalq audit şirkəti tərəfindən aparılıb. KPMG-nin rəyinə əsasən, kreditlərdən əldə olunması ehtimalı olunan likvid vəsait 112,3 mln. manatdır. Qiymətləndirməyə görə, bankda nağd vəsaitlərin həcmi 21 mln. manat, kreditlərdən daxilolma 112 mln. manatdır.