Azərbaycanda bank kreditləri şəklində ölkə iqtisadiyyatına sərmayə qoyuluşu azalıb. Belə ki, bank kreditləri ilə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi illik müqayisədə 5,9% azalaraq 2016-cı ilin yanvar-noyabr aylarında 1 374,6 mln. manat təşkil edib.
Rəsmi statistikaya əsasən verilən xəbərə görə, bu ilin ilk 11 ayı ərzində ölkə iqtisadiyyatına yatırılan sərmayənin cəmi 10,6%-i məhz bank kreditlərinin payına düşüb.
Xatırladaq ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 009,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,0% az vəsait yönəldilib.
Ümumi sərmayənin 33,0%-i dövlət, 67,0%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,6%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 8 936,6 mln. manat, büdcə vəsaitləri 1 809,4 mln. manat, büdcədənkənar fondların vəsaitləri 138,5 mln. manat, əhalinin şəxsi vəsaitləri 473,9 mln. manat, sair vəsaitlər 276,1 mln. manat təşkil edib.
Report©