Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 440 min manat təşkil edib.
FED.az xəbər verir ki, şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə təxminən 2% azdır.
2017-ci ildə “Azərmarka”nın uzunmüddətli aktivləri təxminən 85% artaraq 76 min manata çatıb, cari aktivləri isə 10,6% azalaraq 364 min manata düşüb.
Hesabat dövründə şirkətin cəmi kapitalı 20,7% azalaraq 340 min manata düşüb, cəmi öhdəlikləri isə təxminən 5 dəfə artaraq 100 min manata çatıb.
2017-ci ildə “Azərmarka”nın marka satışından gəlirləri 672 min manat (2016-cı ilə nisbətən 39,1% çox), satışlarının maya dəyəri 495 min manat (68,4% çox), ümumi və inzibati xərcləri 266 min manat (45,5% çox), məzənnə fərqindən yaranmış gəlirləri 5 min manat (təxminən 3,5 dəfə çox), mənfəət vergisi xərcləri 5 min manat (təxminən 60% az) təşkil edib.
Son nəticədə şirkət ötən ili 89 min manat xalis zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən təxminən 20 dəfə çoxdur.
Xatırladaq ki, “Azərmarka” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 min manatdır.