2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 18,1% - 20 milyard 218,69 milyon manatadək artıb.
Azərbaycanda bankların xalis mənfəəti - 40% ARTIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrda bankların kredit portfeli 1% və ya 203,4 milyon manat artıb.
Noyabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 641,27 milyon manat (hesabat dövründə azalma 10,9% - İF) və ya bütün kreditlərin 3,2%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
Noyabrın 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 898,4 milyon manat (artım 17%) və ya bütün kreditlərin 19,3%-i, özəl banklar tərəfindən 15 milyard 775,76 milyon manat (artım 18,4%) və ya bütün kreditlərin 78%-i həcmində kredit verilib. Qalan 544,5 milyon manat (artım 18,2%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Noyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 15 milyard 993,27 milyon manat (artım 26%) milli valyuta, 4 milyard 225,4 milyon manat (azalma 4,5%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 20,9% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 340,3 milyon manat (bütün kreditlərin 16,5%-i) ticarət və xidmət sahələrinin, 658,1 milyon manat (3,3%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 622,3 milyon manat (3,1%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 141,6 milyon manat (5,6%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 62,59 milyon manat (5,3%) sənaye və istehsal sektorunun, 801,45 milyon manat (4%) nəqliyyat və rabitə sahələrinin, 11 milyard 135 milyon manat (55,1%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
Yanvar-noyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 29,4% artıb (noyabrda artım 1,7% və ya 185,1 milyon manat təşkil edib). (İnterfaks-Azərbaycan)