Azərbaycan və Türkiyə sığorta sektorunda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb.
AMB: "Avtomatlaşdırılmış qiymətləndirmələr sığortaçılara çevik xidmətlər təklif etməyə imkan yaradır"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkiyənin Sığorta və Özəl Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyinin sədri Davut Menteşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq.
İmzaladığımız Anlaşma Memorandumu qurumlar arasında sığorta sektorunda tənzimləmə və nəzarət sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşviqinə xidmət edəcək. Əminik ki, Memorandum iki qardaş ölkənin maliyyə sistemləri arasında inteqrasiyanın dərinləşdirilməsinə, o cümlədən regional səviyyədə sığorta sektorunun dayanıqlı inkişafına mühüm töhfə verəcək", - deyə o qeyd edib.
AMB-in yaydığı məlumatda isə deyilir ki, görüşdə qurumlar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub və tərəfdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin sığorta sektorlarının inkişaf dinamikası, rəqəmsallaşma trendləri və gələcək perspektivləri müzakirə olunub.
İmzalanmış memorandumun məqsədi iki qurum arasında sığorta sektorunda tənzimləmə və nəzarət sahəsində əməkdaşlıq və məlumat mübadiləsi, eyni zamanda texniki yardım üçün hüquqi çərçivənin formalaşdırmasından ibarətdir. Memorandum sığorta və təkrarsığorta bazarlarının bütövlüyünü və səmərəliliyini artırmaq, eləcə də bazara nəzarət funksiyalarının həyata keçirilməsində qarşılıqlı məsləhətləşmələrin aparılmasına xidmət edəcək. Eyni zamanda, hər iki ölkənin sığorta bazarı üçün normativ hüquqi bazanın inkişafına dəstək məqsədilə təlim və texniki yardım ehtiyaclarının təmin edilməsi diqqətdə saxlanılacaq. Bu məqsədlə tərəflər arasında sığorta bazarının inkişafı istiqamətində təlim proqramları, seminarlar, internatura və texniki yardım layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
















