Azərbaycanda "Tax free" sistemi tətbiq edilən gündən oktyabrın 31-dək 59 ölkənin vətəndaşlarına 2962 faktura verilib.
Vergilər Nazirliyindən Fed.az-a verilən məlumata görə, ƏDV ilə birgə məbləğ 4 850,8 min manat təşkil edib, qaytarılmalı olan 493,3 min manatdan 492,6 min manatı gömrük orqanları tərəfindən təsdiqlənib və 59 ölkənin vətəndaşlarına 492,6 min manat ƏDV geri qaytarılıb.
"Tax free" sisteminin tətbiqindən bəri Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsi tərəfindən bu sistemin tətbiqi ilə əlaqədar ölkəyə gələn xarici vətəndaşlar üçün bələdçi buklet, satıcılar üçün "Malların satışının rəsmiləşdirilməsi proseduru" barədə yaddaş kitabçası hazırlanıb. Buklet ingilis və rus dillərinə tərcümə olunub, xarici vətəndaşlara təqdim edilməsi üçün hava limanlarında yaradılmış guşələrdə yerləşdirilib. "Tax free" sisteminə qoşulmuş 31 vergi ödəyicisinə məxsus 204 obyekt üzrə satıcılara "ASAN İmza" sertifikatları verilib, həmin obyektlərin nümayəndələri üçün təlimlər təşkil edilib.
Qeyd edək ki, bu sistemdən faydalanmaq üçün alınan mal kommersiya və istehsal xarakterli deyil, şəxsi istehlak məqsədli olmalıdır. Xarici turistlər aldıqları malı 90 gün ərzində ölkədən aparmalıdırlar. "Tax free" bir elektron vergi-hesab üzrə malların dəyəri ƏDV ilə birlikdə 300 manatdan çox olduğu hallarda tətbiq edilə bilər. Hazırda ölkəmizdə təqdim edilən bütün mallara görə ƏDV-nin dərəcəsi 18 faizdir. "Tax free" stikerləri olan mağazalarda istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar istisna olmaqla, alınan digər mallara görə ödənilən ƏDV-nin məbləği xarici vətəndaşlar ölkəni tərk edən zaman onlara geri qaytarılır. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı və bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
"Tax free" sistemindən ölkə vətəndaşları, Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilmiş, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər və 14 yaşınadək şəxslər yararlana bilməzlər.
Hazırda 204 mağaza bu sistemə qoşulub.