Azərbaycan prezidenti İlham Əliyev martın 29-da BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birreli və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzu qəbul edib.
APA-nın xəbərinə görə, prezident İlham Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti Qordon Birreli BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Qordon Birrelin Azərbaycandakı fəaliyyət illərinin ölkəmizdə enerji sahəsində mühüm inkişafa nail olunduğu dövrə təsadüf etdiyini deyən dövlət başçısı bu illər ərzində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Qordon Birrelin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu bildirən prezident İlham Əliyev onun Azərbaycan ilə BP arasında əməkdaşlığa öz töhfəsini verdiyini qeyd edin, Qordon Birrelin fəaliyyətinin həm Azərbaycan hökuməti, həmçinin BP rəhbərliyi və şirkətin tərəfdaşları tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Qordon Birrel BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunmuş regional prezidenti Qəri Counzu prezident İlham Əliyevə təqdim edib.
Qordon Birrel Azərbaycanda işlədiyi bu illər ərzində fəaliyyətinə verilən böyük dəstəyə görə Azərbaycan hökumətinə və prezident İlham Əliyevə minnətdarlığını bildirib. BP ilə Azərbaycan arasında əməkdaşlığın vacib məqamlarından danışan Qordon Birrel gələn il “Şahdəniz-2” yatağından çıxarılması nəzərdə tutulan qazın ilk olaraq Türkiyəyə, daha sonra 2020-ci ildə Avropaya ixrac olunmasının önəmini vurğulayıb.
Görüşdə “Azəri-Çıraq-Günəşli” layihəsinin uzadılması ilə bağlı məsələlər, həmçinin “Şahdəniz” və “Dayaz Sulu Abşeron” layihələri ətrafında müzakirələr aparılıb.