Azərbaycanın kommersiya banklarında son günlər nağd ABŞ dollarının satış məzənnəsi artıb.
Keçən həftə 1,5980 AZN-ə satılan dollar manatın rəsmi məzənnəsinin möhkəmlənməyə davam etməsinə baxmayaraq hazırda 1,6060-1,6150 AZN/USD diapazonunda satılır. Dolları ən ucuz satan bank "Kapital Bank" ASC-dir. Bu bank dolları 1,6060 AZN-ə satır. Digər kommersiya banklarında isə dollar 1,61 AZN və ya daha baha satılır.
"Report"un analitik qrupu hesab edir ki, Azərbaycan banklarının dolların satış məzənnəsini artırmasına səbəb dolların beynəlxalq valyuta bazarında məzənnəsinin demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə möhkəmlənməsi ilə bağlıdır. Məhz bu amil daxili bazarda dollara tələbi bir qədər artırıb. Analitik qrup ABŞ-da uçot dərəcəsinin artırılması ehtimallarının güclənməsi fonunda dolların məzənnəsinin dünya maliyyə bazarında möhkəmlənəcəyini və Azərbaycanın valyuta bazarına da bu prosesin adekvat şəkildə təsir edəcəyini düşünür.
"İlin sonuna qədər əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin paritetə kimi geriləməsi Azərbaycanda dolların məzənnəsinin 1,70 manata qədər artmasına səbəb ola bilər. Təbii ki, bu proqnoz neft qiymətlərinin 45 dollar/bareldən aşağı düşməyəcəyi təqdirdə realdır. Neftin qiyməti bu həddən aşağı enərsə dolların məzənnəsi 1,85 AZN/USD-yə qədər arta bilər", - deyə analitiklər qeyd ediblər.
report©