Azərbaycan dövlət ümumi dövlət borcunun ÜDM-də payının 2025-ci ilədək 20%-ə çatdırılması hədəfləyir.
Eləcə də bax: Hökumət 2022-ci ilin büdcəsini açıqladı – İLKİN GÖSTƏRİCİLƏR - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.
Qeyd edilir ki, büdcə qaydasının təkmilləşdirilməsi zamanı ümumi dövlət borcunun ÜDM-ə nisbəti üzrə ortamüddətli dövr üçün hədəflərin müəyyən edilməsi nəzərdə tutulur ki, bu da büdcə kəsirinin borclanma hesabına örtülməsinin riskli həddə çatmasının qarşısının alınmasına imkan yaradacaq.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan bu il dövlət borcunun ödənilməsinə 883,5 mln. manatdan çox vəsait yönəldib.
Xatırladaq ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu (xarici və daxili) 17,352 mlrd. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8,603 mlrd. ABŞ dolları (14,626 mlrd. manat) və ya ÜDM-in 18,2%-ini təşkil edib.
Əlavə edək ki, "Fitch Ratings" agentliyinin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanın xarici dövlət borcunun ÜDM-dəki payının 18,1%-dək, 2022-ci ildə isə 17,6%-dək enəcək. Dünya Bankının son proqnozuna əsasən, 2021-ci ildə ölkənin xarici dövlət borcu ÜDM-in 17,1%-ni, 2022-ci ildə isə ÜDM-in ÜDM-in 16,7%-nə təşkil edəcək. Bundan əlavə, "Moody's Investors Service" şirkəti bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 19,4%-nə bərabər olacağını proqnozlaşdırır. (Apa)