Avropa Mərkəzi Bankının (ECB) idarə şurası bu gün keçirilən növbəti iclasında uçot dərəcələrini dəyişdirməyərək 0% həddində saxlayıb.
Bu barədə ECB-nin press-relizində bildirilib. Depozitlər üzrə faizlər -0,4% həddində, marjinal faiz dərəcəsi isə 0,25% səviyyəsində sabit saxlanılıb.
ECB həmçinin istiqraz alım proqramının aylıq həcmini dəyişdirməyərək 80 mlrd. avro (84 mlrd. ABŞ dolları) elan edib. Proqramın müddəti 2017-ci ilin mart ayına qədər davam edəcək. Aprel ayından ilin sonuna qədər isə aylıq alışın həcmi 60 mlrd. avro (63 mlrd. dollar) olacaq.
ECB zəruri olduğu halda proqramın müddəti və həcmini dəyişdirə biləcəyini xatırladıb. Qeyd edək ki, qərar analitiklərin proqnozu ilə üst-üstə düşdüyü üçün avronun dünya valyuta bazarlarında məzənnəsi dəyişməyib.