Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyə qədər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinə $630,9 mln. yönəldib.
Fonddan verilən məlumatda bildirilir ki, BTQ layihəsinin maliyyələşdirilməsi üçün ARDNF-in vəsaitlərindən bu məbləğ müvafiq qurumlara layihənin reallaşdırılmağa başlandığı dövrdən 2017-ci il aprelin 1-nə qədər ayrılıb. Bu ilin I rübündə bu məqsədlər üçün fondun vəsaitlərindən $0,73 mln. yönəldilib.
Bu vəsaitlər Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış saziş əsasında Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə Türkiyə sərhədi - Marabda dəmir yolunun layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması, istismarı və dəmir yolu infrastrukturunun müvafiq obyektləri üçün yaradılmış “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülür.
2017-ci ildə ARDNF tərəfindən bu layihənin maliyyələşdirilməsinə 165 mln. 825 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub (2016-cı ildə 41,9 mln. manat ayrılıb).
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin III rübündə istismara veriləcək.
İnterfax©