“Amrah Sığorta” ASC-nin ödənişləri 2016-cı ildə yığımlarını 3 dəfədən artıq üstələyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, ötən il şirkət 62 554 manat həcmində sığorta haqql toplayıb, əvəzində isə 191 913 manat ödəniş edib.
Başqa sözlə, “Amrah Sığorta”nın ödəniş/yığım nisbəti 3,07 dəfə, yəni 207% olub. Halbuki, bu rəqəm 2015-ci ildə təxminən 65% təşkil edib.
Sığorta şirkətində yaranmış vəziyyəti kasko sığortasından daxilolmaların kəskin azalması ilə izah edirlər: “Sığorta yığımlarımızın təxminən 80%-i “Amrah Bank”ın verdiyi avtomobil kreditləri hesabına formalaşırdı. İndi isə bank elə də çox avtokredit vermir. Bu da “Amrah Sığorta”nın könüllü avtomobil sığortasından daxilolmalarını kəskin azaldıb. Lakin əvvəlki illərdə bağladığımız sığorta müqavilələri var və onlara görə də öhdəliyimizi yerini yetiririk. Son nəticədə ödənişlərimiz yığımlarımızdan çoxdur. Öz vəsaitimiz hesabına müştərilərə ödəniş veririk”.
Qeyd edək ki, gələn ay “Amrah Sığorta”nın səhmdarlarının yığıncağı keçirilməlidir. Yığıncaqda şirkətin maliyyə vəziyyətinin düzəldilməsi, sığorta haqlarının məbləğini artırmaq üçün əlavə tədbirlərin görülməsi ilə bağlı qərarların qəbuil ediləcəyi gözlənilir.
Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis Əli oğlu İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Əmrah Yunis oğlu İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur.