ABŞ fond birjaları indeksləri dünən, yanvarın 26-da güclü iqtisadi artım və hökumətin fiskal xərcləri artırması gözləntiləri ilə yüksəliş trendini davam etdirərək rekord səviyyəyə çatıb. "Bloomberg" agentliyinin verdiyi xəbərə görə, ABŞ-ın əsas fond birjası indeksi sayılan "Dow-Jones" 20 000 bənd kritik səviyyəsini ötərək günü 20 068-də tamamlayıb. Qeyd edək ki, "Dow-Jones" indeksi 8 noyabrda ABŞ-da keçirilən prezident seçkilərindən bu günə qədər 10% yüksəlib. Bununla yanaşı "S&P 500" sənaye indeksi dünən 0,8% artaraq rekord 2 298 bəndə, "Nasdaq" texnologiya indeksi isə 0,99% artaraq rekord 5 656 bəndə yüksəlib.
Qeyd edək ki, "Bloomberg" agentliyinin iqtisadçılar arasında apardığı sorğuya əsasən, ABŞ iqtisadiyyatının bu il 2,3% artım göstərəcəyi bildirilir. 2016-cı ildə isə ABŞ-da iqtisadi artım 1,6% təşkil edib.
"Report"un analitik qrupu ABŞ fond birjalarının bir qədər də yüksəldikdən sonra enməyə başlayacağını proqnozlaışdırır. Belə ki, artıq fiskal stimullaşdırma və vergi rüsumlarının azaldılması xəbərləri səhmlərin qiymətini artırıb. Yaxın iclaslarda ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmağa davam etməsi pulların bahalı sayılan səhm bazarından istiqrazlara yönəlməsinə gətirib çıxara bilər.