Əmlak Məsələləri Dövlət Komitəsi 10 may 2017-ci il tarixində yeni hərrac keçirəcək.
Komitədən FED.az-a verilən məlumata görə, proses komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq. Hərraca ümumilikdə 99 əmlak çıxarılıb ki, bunlardan 21-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Tərtər, Kürdəmir rayonlarında yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən yüksək olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 127 min 552 manata təklif olunur. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə 125 min 992 manata iştirakçılara təklif edilir.
Hərraca çıxarılan əmlaklar haqqında daha ətraflı məlumat ( http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1679 ) linkindən almaq olar.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəmkir, İmişli, Sumqayıt, Xaçmaz, Gəncə və digər şəhər rayonlarda yerləşir. Özələşdirilən əmlakların bəzilərinin sahəsi 221 kv.m ilə 62995 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak İmişli Yardımçı Təsərrüfatı olacaq. Belə ki, bu əmlak 500 min manata təklif edilir. Torpaq sahəsi isə 1889934,2 kv.m təşkil edir. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Şəmkir şəhərində yerləşən Yun Tədarükü məntəqəsi 350 min manat, Gəncədəki Təsərrüfat hesablı poliklinika 212 min 500 manat olmaqla qiyməti ilə seçilənlər sırasındadı.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.