"2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib". Bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, millət vəkillərinin təkliflərinə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib: "Büdcə müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı bəzi məsələlərə yalnız bir il ərzində deyil, bir neçə il ərzində baxılması lazım gəlir. Millət vəkillərinin mədəniyyət sahəsinə xərclərin artırılması ilə bağlı təklifi nəzərə alınaraq mədəniyyət sahəsinə əlavə olaraq 3 milyon manat vəsait ayrılıb. Bundan başqa, Milli Məclisin saxlanma xərcləri 850 min manat artırılıb. Gənclər Fondunun vəsaitinin cari il səviyyədə saxlanılmasına qərar verilib. Gənclər Fonduna nəzərdə tutulan vəsait düzgün qərardır, büdcədə ayrılmış vəsaitdən əlavə məbləğin ayrılması məqsədəuyğun deyil. Büdcənin yığcamlaşdırılmasını nəzərə alıb Fonda vəsaitlərin eyni səviyyədə saxlanılmasını ciddi problem kimi qiymətləndirmirik".
Nazir əlavə edib ki, artan xərclərlə əlaqədar 2017-ci ilin dövlət büdcəsinin 2, 8 və 16-cı maddələrində dəyişiklik ediləcək: “Bu maddələr gəlirlərin və xərclərin formalaşmasına aid olan maddələrdir. Millət vəkillərinin digər təkliflərinə gəlincə, bu məsələlərə mərhələli şəkildə baxılacaq".
Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 903 mln. 850 min manat məbləğində təsdiq edilib.
Sonda büdcə zərfinə daxil olan sənədlər səsə qoyulub və qəbul edilib.
Apa©