2017-ci il üçün əsas valyuta cütlükləri, fond birjaları, əmtəələr üzrə proqnozlar açıqlanıb.
2017-ci ildə dollar/avro cütlüyünün paritetdən aşağı enəcəyi və 0,92-1,06 USD/EUR diapazonunda hərəkət edəcəyi gözlənilir. Buna səbəb kimi ABŞ-da faizlərin artırılması prosesinin davam etməsi, Avrozonada monetar ekspansiyanın müddətinin artırılması, Avropa İttifaqına üzv ölkələrdə siyasi problemlər göstərilir.
Rubl/dollar məzənnəsinin neft qiymətləri nəzərə alınmaqla 58-68 RUB/USD diapazonunda olması ehtimal edilir.
Lirə/dollar məzənnəsinin inkişaf etməkdə olan ölkələrdən kapital axınının davam etməsi səbəbindən 3,45-4,05 TRY/USD diapazonunda hərəkət edəcəyi proqnozlaşdırılır.
Yuan/dollar məzənnəsinin isə D.Trampın Çinlə bağlı proteksionist siyasət qərarlarından asılı olaraq 7,00-7,50 CNY/USD diapazonunda dalğalanacağı gözlənilir.
"Fond birjalarında isə kəskin azalma ehtimal edilir. Buna səbəb Çin iqtisadiyyatındakı yavaşlama, inkişaf etməkdə olan ölkələrdən kapital axını səbəb olacaq. ABŞ fond birjalarının 2016-cı ildə ciddi artımla üzləşməsi bu ölkədəki birjaların kəskin düşməsi ehtimallarını artırır. Donald Trampın fiskal ekspansiya və vergiləri azaltmaqla bağlı qərarlarından asılı olaraq birjaların azalma dərəcəsi müəyyən olunacaq. "Dow-Jones" indeksinin 2017-ci ildə 10-15% azalacağı ehtimal edilir", - deyə analitiklər qeyd ediblər.
Neftin qiymətinin 2017-ci ildə 35-65 dollar/barel kimi böyük diapazonda hərəkət edəcəyi gözlənilir. İlin ikinci yarısında neftin ucuzlaşması ehtimal edilir. Neft Çin iqtisadiyyatının yavaşlaması fonunda ucuzlaşacaq.
Qızılın qiymətinin isə 980-1150 dollar/unsiyada dalğalanması proqnozlaşdırılır. Qızıl ABŞ-da uçot dərəcəsinin artması və Çin ilə Hindistan kimi ölkələrdə qızıla tələbatın azalması ilə dəyərdən düşəcək.
Bununla yanaşı, Azərbaycanda manat/dollar məzənnəsinin 2017-ci ildə 1,77-2,50 AZN/USD diapazonunda hərəkət edəcəyi və 2,10 AZN/USD-yə yaxın səviyyədə sabitləşəcəyi ehtimal edilir.
Ekspertlər dünya iqtisadiyyatında mənfi proseslərin mümkün qədər tez və kəskin baş verəcəyi təqdirdə, inkişaf prosesinin də daha tez başlayacağını düşünür. Əks halda, bədbin əhval-ruhiyyənin 2020-ci ilə qədər davam etməsi mümkündür.
Report©