Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
Komitədən FED.az-a verilən məlumata görə, bu hərraca ümumilikdə 20 səhmdar cəmiyyəti çıxarılıb.
Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir Hərraca çıxarılan müəssisələr sırasında Ağcəbədi Aqrotexservis, Astaraçay-3, Masazır Quşçuluq, Masallı Şıxlar Broyler, Neftçala Ət kimi iri dövlət əmlakları var. Özəlləşdirmə portalına (privatization.az) daxil olmaqla hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10% həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1602
Əmlak Məsələləri Dövlət Komitəsi 02 may tarixindəki növbəti hərracını da elan edib. Hərracda 167 dövlət əmlakı özəlləşdirməsi nəzərdə tutulur.Bunlardan 69-u kiçik dövlət müəssisə və obyekti, 98-i qeyri-yaşayış sahəsidir. Kiçik müəssisələrə investrolar sərmayə yatıraraq biznes məqsədləri üçün istifadə edə bilərlər. Hətta bəzi əmlaklara kiçik məbləğdə vəsait qoymaqla böyük qazanc əldə etmək mümkündür. Qeyd edək ki, hərraca çıxarılan 37 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.
Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində (https://www.facebook.com/privatization.az/) yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Qaradağ rayonunda yerləşən 22 saylı Avtodayanacaqdır. Sahəsi 6047 kv.m olan adı çəkilən əmlakın ilkin start qiyməti 331 min 500 manatdır.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 80-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Quba, Sabirabad da yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 468 min manat start qiyməti ilə hərraca çıxarılıb.
Hərracda iştirak etmək üçün prosedur olduqca sadədir. Beləki, əmlak sahibi olmaq istəyən vətəndaş birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.