Dekabrın 27-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni hərrac keçiriləcək.
Komitədən verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 115 dövlət əmlakına sahib olmaq imkanı var.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri əksəriyyəti paytaxtda olmaqla, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Balakən və digər bölgələrdə yerləşir. Özəlləşdirilməyə çıxarılan bir çox əmlak torpaq sahəsi və üzərindəki tikili ilə birgə iddiaçılara təklif olunur. Balakəndə yerləşən və 37602,5 kv.m. torpaq sahəsi olan əmlak kompleksinə ən yüksək qiymət – 1 milyon 430 min manat təyin olunub. Paytaxtda isə ən yüksək ilkin qiymətə 2 dövlət əmlakı – Binəqədi və Səbail rayonunda yerləşən istifadəsiz qeyri-yaşayış sahələri təklif olunur. Müvafiq olaraq bu əmlaklar 468 min 400 manat və 460 min manat satış qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 442 min manata, Xəzər rayonundakı “Lalə” şadlıq evi isə 356 min manata təklif olunur. Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin 55-i paytaxtda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir.
Budəfəki hərracda 24 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Sabunçu Ticarət Təchizat”, “Tovuz Məişət”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Xətai Ticarət-108”, “Xırdalan yük nəqliyyat”, “Zabrat Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Qeyd edək ki, hərracda iştirak və əmlaka yiyələnmək üçün cəmi 2 sadə prosedur yetərlidir. Bunun üçün sadəcə Özəlləşdirmə portalına (privatization.az) daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək zəruridir. Budəfəki hərracda vətəndaşlara 24 səhmdar cəmiyyəti, 57 istifadəsiz qeyri-yaşayış sahəsi, 24 kiçik dövlət müəssisə və obyekti, həmçinin 10 nəqliyyat vasitəsini özəlləşdirmək təklif olunur. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma adıçəkilən portalla yanaşı, həm komitənin rəsmi saytı, həm də facebook səhifəsi vasitəsilə də aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi var ki, maraqlı şəxslər əmlaklar və hərrac proseduru barədə istənilən sualı komitəyə ünvanlaya və dərhal cavab ala bilərlər.