Yoroca Bilişim Hizmetleri Azerbaijan şirkətinin həmtəsisçisi Sadıq Hümbətovun sözlərinə görə Bakının iri supermarketlər şəbəkəsində elektron qiymət yarlıqları sistemi tətbiq ediləcəkdir.
Cənab Hümbətovun sözlərinə görə hazırda bununla bağlı paytaxtın iri ticarət şəbəkələri ilə danışıqlar aparılır.
O, həmçinin bildirmişdir ki, Avropada belə sistem fəaliyyətin avtomatlaşması məqsədilə çoxsaylı pərakəndə satış şəbəkələrində tətbiq və istifadə edilir.
Sistemin əsas məqsədi kağızdan olan qiymət yarlıqlarından elektron qiymət yarıqlarına keçməklə operativ şəkildə qiymətləri dəyişməkdir. Məsələn, marketinq aksiyalarının keçirilməsi zamanı bu sistem çox əlverişli əhəmiyyətə malik ola bilər. Bundan əlavə, elektron birkaların üstünlüyü həmçinin ondan ibarətdir ki, onların üzərində məhsul barədə qısa məlumatları da əks etdirmək olur.
Qeyd edək ki, elektron qiymət yarlıqlarının tətbiqi həmçinin işçilərin işini yüngülləşdirəcək, yəni çap etmə və kağız qiymət yarlıqlarının əvəzedilməsi kimi zəhmət tələb edən işləri azaldacaqdır. Belə yarlıqlar kömək edəcək ki, məhsulun real qiyməti ilə kağız yarlıqların üzərindəki qiyməti arasındakı uyğunsuzluğa dair alıcı şikayətlərinin sayı minimuma endirilsin və s. bu kimi xoşagəlməz halların qarşısı alınsın.
Qeyd edək ki, elektron qiymət yarlıqları batareya ilə işləyir və bir neçə illik işləmə ömrü vardır.
Bəs elektron qiymət yarlığına məlumat necə ötürülür? Bu sualın cavabı sadədir: yarlığa məlumat radiodalğalar və ya infraqırmızı rabitə kanalları vasitəsilə ötürülür və avtomatik dəyişir.
Bunun üçün mağazalar şəbəkəsində xüsusi antenaların yerləşdirilib quraşdırılması nəzərdə tutulur.
Mənbə: trend.az
Paytaxtımızda elektron qiymət yarlıqları tətbiq ediləcək
12:22
2 Sen 2016