Dünyaca məşhur yarışma “Düşən pullar” Azərbaycanda start götürüb.
FED.az xəbər verir ki, AzTV-də yayımlanan layihənin ilk qonaqları tanınmış teleaparıcılar Dilarə Səlim və Mümtaz Xəlilzadə olublar.
Layihənin ilk buraxılışı Azərbaycan Televiziyası və Radiosu Gününə təsadüf edib və tanınmış teleaparıcılar 100 min manat uğrunda mübarizə aparıblar. Onlar sonda yarışmanı 5 min manat qazanaraq tərk ediblər.
Dilarə Səlim və Mümtaz Xəlilzadə qazandıqları 5 min manatı "YAŞAT" Fonduna bağışlayıblar.
Layihənin aparıcısı Şəhriyar Əbilovdur.
"Düşən pullar" layihəsi hər şənbə günü saat 22:00-da AzTV-də yayımlanacaq.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.
QSC-nin nəzdində hazırda 3 televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV, 2 radio kanalı – Azərbaycan Radiosu və Beynəlxalq Radio, həmçinin media sahəsində mütəxəssis yetişdirən Teleradio Akademiyası fəaliyyət göstərir.
Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də, İdman TV 2009-cu il fevral ayının 1-də, Mədəniyyət TV isə 2011-ci il fevral ayının 14-də yayıma başlayıb. 2021-ci ildən tv kanalları HD formatında yayımlanır.
QSC-nin dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV “Avropa keyfiyyəti” medalına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.