Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
FED.az - ın məlumatına görə, dəyişiklik Fondun illik maliyyə hesabatlarını təqdim edilməsi müddəti ilə bağlıdır.
İndiyə qədər Fondun icraçı direktoru Fondun illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edib.
Dəyişikliyə əsasən, artıq hesabat aprel deyil, iyunun 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Prezidentin digər fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda edilən dəyişikliyə görə, bundan sonra Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabat da, apreldə deyil, iyunun 30 - dan gec olmayaraq Fondun Müşahidə Şurasının və Hesablama Palatasının rəyləri ilə birlikdə Azərbaycan Prezidentinə təsdiq olunmaq üçün təqdim ediləcək.