«Biz dünyanın əsas maliyyə qurumları ilə işləməlidir, sadəcə biz bu strategiyanı vaxtaşırı təftiş etməliyik».
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev 1-ci rübün yekunlarına həsr olunan müşavirədə bildirib.
«Özbaşına kredit götürürdülər, indi hökumətin icazəsi olmadan bir manat götürə bilməz»
Dövlət başçısı bildirib ki, bir qədər əvvəl Dünya Bankının missiyası Azərbaycana gəlib: «Mənə Baş nazir məruzə etmişdi. Onların təklifləri var. Əlbəttə ki, ənənəvi tərəfdaşlarımız Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı. Avropa İnvestisiya Bankı nisbətən təzə gəlib Azərbaycan bazarına. Birinci onların layihəsi qaz infrastrukturu ilə bağlı idi. Bir də Asiya İnfrastruktur və İnkişaf Bankı ilə də bizim əlaqələrimiz inkişaf edir. Biz o ölkələrdənik ki, bu bankın təsisçisi kimi iştirak etmişik və səhmdarıq orada. Hesab edirəm ki, biz dünyanın bu əsas maliyyə qurumları ilə işləməliyik. Sadəcə olaraq, biz bu strategiyanı vaxtaşırı təftiş etməliyik ki, daha da çox borc götürək, az götürək, çox qaytaraq, az qaytaraq. İndi siz buna baxın və təkliflər verin».
Müşavirədə maliyyə naziri Samir Şərifov Dünya Bankının Azərbaycana güzəştli şərtlərlə kredit təklif etdiyini açıqlayıb:
Samir Şərifov: Möhtərəm cənab Prezident, mən təkcə bir şeyi qeyd etmək istərdim ki, Dünya Bankı üzrə bunlar bu gün bizə xüsusi şərtlər təklif edirlər. Biz onlarla növbəti ilin ortalarına qədər tam razılığa gəlsək, o şərtləri əldə edə bilərik.
Prezident İlham Əliyev: Yəni, güzəştli şərtlər.
Samir Şərifov: Güzəştli şərtlər. Yəni, onlar bizim Qarabağın yenidən qurulması proseslərini nəzərə alaraq, belə bir qərar qəbul ediblər ki, bizə güzəştli şərtlərlə kreditlər verə bilərlər.
Prezident İlham Əliyev: Ondan istifadə etməliyik.
Samir Şərifov: Bəli. Siz tamamilə düzgün qeyd etdiyiniz kimi, bu şərtlər çərçivəsində bizə lazım olan layihələri seçə bilərik. Yəni elə layihələr var ki, məsələn, avtomobil yollarının tikintisi, biz onlara xarici komponentli valyutanı cəlb etməməliyik. Amma biz layihələri seçərkən istənilən halda valyuta xərclərimizi nəzərə almalıyıq. Yəqin ki, bu məqsədlər üçün biz vəsait cəlb edə bilərdik.
Prezident İlham Əliyev: Bir də dünyanın aparıcı maliyyə qurumları özəl sektora da kreditlər ayırırlar. Hesab edirəm ki, daha da böyük məbləğ ayıra bilərlər. Onlarla təmaslar əsnasında bu məsələ həmişə müzakirə edilməlidir. Çünki mən bilirəm ki, misal üçün, qeyd etdiyim bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisinə də aparıcı maliyyə qurumları kredit ayırırlar. Bizə yox, investorlara, xarici investorlara. Ona görə yerli şirkətlərə, yerli sahibkarlara da onların kreditlərinin ayrılması zəruridir. Düzdür, bizim özümüzün mexanizmimiz var və İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir. Ancaq burada özəl sektora, misal üçün, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, digər bankların daha da böyük həcmdə kreditlərinin verilməsinə mütləq baxmaq lazımdır».