Bir neçə gündür dünya gündəmini zəbt edən xəyanət qalmaqalı fonunda ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın səhmləri 5 faizdən çox ucuzlaşıb.
FED.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətdə şirkətin səhmlərinin qiyməti 176,8 dollara düşüb. Halbuki ötən həftənin sonunda “Nasdaq” birjasında bağlanış qiyməti 186,64 dollar olub. Ucuzlaşmaya səbəb Huanqın xarici kəşfiyyatın hədəfinə çevrilib-çevrilmədiyini müəyyənləşdirmək məqsədilə şirkətdə daxili araşdırmaya başlanılmasıdır.
Ümumulikdə bu qalmaqal və onun nəticəsində başlanan araşdırma səbəbindən “Nvidia”nın səhmləri son 5 gündə 14,9% ucuzlaşaraq 5 gün əvvəlki 207 dollardan 176,8 dollara enib.
Bazar dəyəri ilə dünyanın aparıcı texnologiya nəhənglərindən biri olan ABŞ-nin çip istehsalçısı “Nvidia” böyük casusluq və təhlükəsizlik qalmaqalı ilə sarsılıb. Şirkətin qurucusu və baş direktoru Jensen Huanqın Çinə kəşfiyyat məlumatlarının sızdırılması ilə əlaqədar iddiaların mərkəzində yer almasından sonra idarə heyəti tərəfindən müstəqil araşdırma başladılıb.
Xatırladaq ki, “The New York Times” qəzetinin dərc etdiyi məlumata görə, Jensen Huanqın nikahdankənar münasibətdə olduğu çinli Alis Huanq vasitəsilə Pekinə məxfi məlumatlar ötürdüyü bildirilib. ABŞ kəşfiyyatı qadının Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyindən şübhələnir. Huanq isə əməkdaşlarına müraciətində həyat yoldaşına xəyanət etdiyini etiraf edib, lakin münasibətlərin təfərrüatlarını açıqlamayıb.
Qalmaqal fonunda onun qızı, “Nvidia” rəhbərlərindən olan Medison Huanqın Seulda keçiriləcək şirkət tədbirində iştirakını ləğv etdiyi bildirilib. İddialardan sonra “Nvidia” rəhbərliyi təcili addım ataraq müstəqil hüquq məsləhətçilərinin dəstəyi ilə xüsusi komitə yaradıldığını elan edib.
Şirkət bəyanatında hələlik milli təhlükəsizliyə və ya məxfi məlumatların sızdırıldığına dair sübutun tapılmadığını, lakin bütün mövcud iddiaların hərtərəfli araşdırılacağını vurğulayıb.
Baş direktor Jensen Huanq işçilərinə göndərdiyi elektron poçt vasitəsilə ailəsindən və həmkarlarından üzr istəyib. Həyat yoldaşına xəyanət etdiyini təsdiqləyən Huanq hərəkətlərinə görə dərin peşmanlıq duyduğunu bildirib: “Siz məndən daha yaxşısına layiqsiniz. “Nvidia” şirkətinə rəhbərlik etmək həyatımın ən böyük imtiyazı idi. Mənim məsuliyyətim sizə xidmət etmək və etibarınıza layiq olmaq idi. Mən bu məsuliyyəti tam yerinə yetirə bilmədim. Direktorlar şurasının başladığı araşdırmanı tam dəstəkləyirəm və proseslə əməkdaşlıq edəcəyəm”.
Qeyd edək ki, noyabrın 8-də elan edilən daxili araşdırmaya baxmayaraq, “Nvidia” rəhbərliyi Huanqa etimadını ifadə edib. Şirkət hələlik məxfi məlumatların ələ keçirildiyini düşünmək üçün əsas olmadığını açıqlayıb.
Şirkət rəsmiləri ABŞ-nin milli və iqtisadi təhlükəsizliyinin hər şeydən üstün olduğunu və istintaqın şəffaf şəkildə aparılacağını qeyd ediblər.
Qeyd edək ki, “The New York Times” adı açıqlanmayan mənbələrə istinadən, Alis Huanqın “Nvidia” şirkətinin baş direktoru Jensen Huanqla yaxın əlaqələri olduğunu və şirkətin çiplərinin Çinə yönləndirilməsində iştirak etdiyini yazıb.
ABŞ Prezidenti Donald Tramp da məsələyə münasibət bildirərək Huanqı yaxşı insan adlandırıb və onun izahatının dinlənilməli olduğunu söyləyib.






![Casus qalmaqalı nəticəsində “Nvidia”nın səhmləri ucuzlaşdı - [red]YENİ QİYMƏT[/red] | FED.az](/upload/news/small/1566437.png)
![Casus qalmaqalı nəticəsində “Nvidia”nın səhmləri ucuzlaşdı - [red]YENİ QİYMƏT[/red] | FED.az](/upload/news/small/1810107.png)
![Casus qalmaqalı nəticəsində “Nvidia”nın səhmləri ucuzlaşdı - [red]YENİ QİYMƏT[/red] | FED.az](/upload/news/small/2490158.png)








