ABŞ və İran arasında müharibənin sülh yolu ilə həll olunacağı barədə yaranan əhvali-ruhiyyə dünya bazarında neftin qiymətini sürətlə ucuzlaşdırmaqdadır.
FED.az xəbər verir ki, son bir neçə həftədə – daha dəqiqi, bütün oktyabr ayı ərzində Brent markalı neftin qiyməti 100 dollardan aşağı enməyib.
Ən aşağısı 104 dollardan başlayan qiymətlər oktyabrın 22-də 116-117 dollaradək yüksəlib.
Amma noyabrın 4-dən başlayaraq neft sürətlə ucuzlaşmağa başlayıb. Buna səbəb ABŞ Konqresinə keçirilən seçkilər və seçkilərdə respublikaçıların məğlubiyyəti olub. Həm Prezident Tramp, həm də administrasiyanın digər məsul üzvləri etiraf ediblər ki, seçkilərdə məğlubiyyətin əsas səbəbi İranla başlayan və bu günədək bitməyən müharibə olub.
ABŞ rəhbərliyinin bu etirafları birjalarda müharibədən peşmançılıq və bu prosesin daha davam etməyəcəyi barədə fikirlər yaradıb. Nəticədə İranla münaqişənin gətirdiyi əsas iqtisadi problem – neft dəhlizi ilə bağlı narahatlıqlar azalmağa və neftin qiyməti düşməyə başlayıb.
Xatırladaq ki, oktyabrın 16-da neftin qiyməti 110 dolları keçmiş, oktyabrın 23-də 116-117 dollara yüksəlmişdir. Oktyabrın 26-dan noyabrın 4-dək qiymətlər 110-104 dollar arasında idi. Amma seçkilərin nəticələri açıqlanan kimi neftin qiyməti 94-95 dollara enib. Noyabrın 6-da neftin qiyməti yenidən dirçələrək 100 dollara yaxınlaşsa da, son iki gündə ciddi dəyər itkisi ilə yenidən 95-96 dollara enib.
Brent neftinin bütün qiymət dəyişmə trayektoriyası eyni qaydada Azərbaycanın Azeri Light markalı neftində də baş verib.
Azərbaycanın xarici bazarlarda satılan nefti sentyabrın axırından bəri nəinki 100 və 110 dollardan, ümumiyyətlə, 120 dollardan aşağı enməyib.
Oktyabra 122 dollarla başlayan Azərbaycan neftinin qiyməti ay ərzində cəmi 1-2 dəfə 118 dollara ensə də, oktyabrın 9-10-13-ü tarixlərində 130-133 dollar ətrafında dəyişib. Ayın axırınadək qiymətlər 122-126 dollar arasında dəyişib.
Amma noyabrın əvvəlində ABŞ seçkilərindən sonra Azərbaycan nefti də kəskin ucuzlaşıb.
Belə ki, oktyabrın 31-də 126 dollar olan neft növbəti həftə 2 gün ərzində 116 dollara enib. Daha bir gün 113 dollar olduqdan sonra neftin qiyməti 106 dollara enib.
Noyabrın 7-də açıqlanan son qiymət 107,46 dollardır.
Başqa sözlə, son 10 gündə Azərbaycan nefti 20 dollar ucuzlaşıb.
Bu gün dünya bazarında Brent nefti 95 dollara endiyinə görə, Azərbaycan neftinin də 100 dollardan aşağı düşmək ehtimalı var.
Xatırladaq ki, neftin hətta gözlənilən 30 dollarlıq ucuzlaşmasına baxmayaraq, dünya bazarında neftin qiyməti Azərbaycanın dövlət büdcəsi üçün təhlükəsiz, hətta komfortlu səviyyədədir. Başa çatmasına 2 aydan da az vaxt qalan 2026-cı ilin dövlət büdcəsində neftin qiyməti 65 dollar götürülüb və maraqlıdır ki, ötən 300 gün ərzində bircə gün də neft bu qiymətə satılmayıb – qiymətlər həmişə azı 15-20 dollar daha yüksək olub.
Qarşıdakı aylarda da güclü (65-70 dollara qədər) enmə görünmür – hazırda qış mövsümüdür, üstəlik, Hörmüzdəki tankerlər də hələlik müharibədən əvvəlki qrafikə qayıtmayıb. Digər tərəfdən, ABŞ-ın sakitləşib sülh üçün yollar axtarması fonunda İran gündən-günə daha sərt tələblər irəli sürməkdədir. Tramp rəhbərliyi bu tələblərin heç yarısını da qəbul etmək niyyətində deyil.













