Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kreditlərinin həcminə görə renkinqi açıqlanıb. Siyahıya «Kapital Bank» başçılıq edir.
FED.az xəbər verir ki, 2026-cı il sentyabrın 30-na olan məlumata əsasən, ən böyük istehlak kredit portfelinə malik bank «Kapital Bank»dır. Bankın istehlak kreditlərinin həcmi 3 milyard 536,9 milyon manat təşkil edir.
İkinci yerdə 2 milyard 244,1 milyon manatlıq portfellə Azərbaycan Beynəlxalq Bankı (ABB), üçüncü yerdə isə 911 milyon manatla «Bank of Baku» qərarlaşıb.
İlk beşliyi 676,6 milyon manatlıq istehlak kredit portfeli ilə «Unibank» və 424,1 milyon manatla «Azər-Türk Bank» tamamlayır.
Başqa sözlə, ölkə banklarındakı istehlak kreditləri portfelinin 55%-i 2 bankın, 75%-i isə ilk 5 bankın payına düşür.
Növbəti yerlərdə «Bank Respublika» (398,5 milyon manat), «Rabitəbank» (360,6 milyon manat), «Yelo Bank» (319,1 milyon manat), «AccessBank» (315,2 milyon manat) və «Expressbank» (239 milyon manat) qərarlaşıb.
Renkinqdə ən kiçik istehlak kredit portfelinə malik banklar isə «Bank Melli İran» (960 min manat), Azərbaycan Sənaye Bankı (5,9 milyon manat) və «Bank Avrasiya» (26,7 milyon manat) olub.















