İyul ayının 18-də Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihənin təqdimatı keçirilib. Vergilər Nazirliyindən FED.az-a verilən məlumata görə, tədbirdə Vergilər Nazirliyinin və Şamaxı rayon İcra hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, rayondakı qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, 4 saylı Ərazi Vergi İdarəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov kənd təsərrüfatında uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblər, bu sahədədki real vəziyyət, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə məlumat verib.
Qeyd olunub ki, kənd təsərrüfatında uçotun dürüstləşdirilməsində başlıca məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların vegiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasıdır. Digər tərəfdən kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Vurğulanıb ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 20 ildən çoxdur ki, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. 2019-cu ildən etibarən bu azadolmanın müddəti daha 5 il müddətinə uzadılıb. Bu sahədə çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər.
O da qeyd olunub ki, layihə çərçivəsində aparılacaq işlər yalnız kənd təsərrüfatı təyinatlı torpaqlarda satış üçün məhsul istehsalını əhatə edir və fərdi həyətyanı torpaq sahələrində istehsal olunan məhsullar bura aid deyil.
Bundan əlavə, kənd təsərrüfatı təyinatlı pay torpaqlarının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri məcburi sosial sığorta məqsədləri üçün uçota alınmadıqda, onlar gələcəkdə layiqli pensiya təminatı ala bilməyəcəklər.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qaneedici hesab oluna bilməz və müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyatı dövlət qurumları ilə birlikdə böyük bir layihə hazırlanıb və bu işlərə Şamaxı rayonundan başlanılması qərara alınıb. Tədbir iştirakçılarına görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib, vergi orqanlarına aidiyyatı dövlət orqanlarının yerli qurumları, qəsəbə və kəndlərin icra nümayəndələri və bələdiyyələrlə əlaqəli şəkildə işləmək tövsiyyə olunub.
Kənd təsərrüfatının uçotu - VERGİLƏR NAZIRLİYİNDƏN LAYİHƏ
21:26
19 İyul 2019