Bu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 965,8 milyon manat icra olunub ki, bu da ötən ilin analoji rübü ilə müqayisədə 292,4 milyon manat və ya 5,7%, bu ilin birinci rübünə nisbətən isə 473,9 milyon manat və ya 8,7% azdır.
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ilin ikinci rübü üzrə (aprel-iyun) dövlət büdcəsinin xərcləri 5 891,8 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 775,5 milyon manat və ya 15,2%, çoxdur. Hesabat dövründə büdcə xərclərinin həcmi cari ilin birinci rübü ilə müqayisədə 855,9 milyon manat və ya 17% çoxdur.
Ümumiyyətlə, bu ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 10 405,5 milyn manat, xərcləri isə 15% artaraq 10 951,0 milyon manat təşkil edib.
Həmçinin bu ilin ilk yarısında Azərbaycanın icmal büdcəsinin gəlirləri 17 583,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 467,6 milyon manat və ya 16,3% çoxdur.
İcmal büdcənin xərcləri 11 682,0 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 milyon manat və ya 7,7% çoxdur. İcmal büdcədə 5 901,1 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.